Alim ömrü əbədidir
Əslən Qarabağın müqəddəs torpağından – Cəbrayıl rayonunun Sofulu kəndindən olan, 27 aprel 1940-cı ildə dünyaya göz açmış biologiya elmləri doktoru, professor Əkbər Mehrəliyevin haqqında yazılmış “Alim ömrü əbədidir” kitabını oxuduqca bir daha anladım ki, elmə həsr olunan ömür zamanla ölçülmür – o, yaddaşlarda və insanlara bəxş etdiyi işıqda yaşayır. Onun ömür yolu yalnız bir insanın taleyi deyil, bütöv bir nəslin elmə, biliyə və vətənə xidmət salnaməsidir. Bu duyğuların təsiri ilə alimlərimizin əbədiyyətə qovuşan ruhlarına ithafən bu xatirə şeirimi qələmə aldım.
"Alim ömrü əbədidir"
Gecəni gündüzə qatan
Xalqın övladları üçün
Dəyərli kitablar yazan
Alim ömrü əbədidir.
Yazdıqlarının çoxunu
Hələ tamam eyləmədi
Dünya vəfasız olduğu
Xəyalına da gəlmədi.
Elmə yenilik gətirən
İldən illərə ötürən
Alim ömrü əbədidir
Qardaşım Əkbərimin də
Őmrű belə őműrdəndir.
Bu şeirə əlavə olaraq qeyd etmək istəyirəm ki, Qarabağın nisgili təkcə torpağa yox, insan talelərinə də həkk olunmuşdu. Bu ağrı ilə yaşayan, bu həsrəti ürəyində daşıyan neçə-neçə dəyərli insan kimi, alimlərimiz də doğma yurdlarının həsrəti ilə haqq dünyasına qovuşdular. Onların arzuları gözlərində, Vətən sevgisi qəlblərində yarımçıq qaldı.
Qarabağın həsrətində
İntizardı haqq evində
Bu həsrətlilər içində
Vardı mənim Əkbərim də.
Vətənimin igidləri,
Qeyrətlə getdi irəli
Çarpışdılar, vuruşdular
Axır qələbə çaldılar.
Azərbaycan tarixində
Yeni səhifə açıldı
Qarabağın savaşında
Azəri qələbə çaldı.
2020-ci il
Bizə oldu qələbə il
Hər il 8 noyabrımız
Oldu zəfər bayramımız.
Zaman öz ədalətini gec də olsa göstərdi. Vətən oğulları sinələrini sipər edərək irəli atıldılar, torpaq uğrunda canlarını fəda etməkdən çəkinmədilər. Onların igidliyi, qətiyyəti və sarsılmaz ruhu tarix yazdı. Qanla, canla qazanılan bu zəfər Azərbaycan xalqının qüruruna çevrildi.
Qarabağ uğrunda gedən mübarizə yalnız bir savaş deyil, milli ruhun dirçəlişi, ədalətin bərpası idi. Bu şanlı qələbə ilə tariximizdə yeni bir səhifə açıldı – qürurla, şərəflə yazılan bir səhifə.
2020-ci il yaddaşımıza qızıl hərflərlə həkk olundu – bu il xalqımız üçün zəfərin, birlik və gücün rəmzinə çevrildi. Artıq hər il 8 noyabr tarixini böyük ehtiram və sonsuz qürur hissi ilə qeyd edirik. Bu gün təkcə qələbənin deyil, həm də illərlə çəkilən həsrətin sona çatmasının bayramıdır.
Bu sözlərlə, şeirlərimlə həsrət içində dünyadan köçənlərə səslənirəm: Qarabağ artıq azaddır. Sizin illərlə yolunu gözlədiyiniz o gün gəldi. Ruhunuz şad olsun, rahat uyuyun. Allah sizə rəhmət eləsin.
Bu gün isə o müqəddəs torpaqlarda həyat yenidən cücərir. Dağıntılar yerini quruculuğa, səssizlik yerini insan nəfəsinə verir. Qarabağ yenidən dirçəlir, yenidən Azərbaycan olur.
Müəllif: Şamama Mehrəliyeva — 1999-cu ildə çapdan çıxmış “Durnalar” şeir kitabının və “Çiçəklən, Azərbaycan” adlı məşhur şeirin müəllifi
Oxucularımıza professor Əkbər Mehrəliyevin müəllifi olduğu bəzi kitablar təqdim edilir. Kitabların görüntüləri aşağıda yer alır.
Xəbəri Hilal informasiya portalından alın.


















